H.
Z. Tağıyev, Şəmsi Əsədullayev,
Musa Nağıyevdən sonra milli
Azərbəycan burjuaziyasının
və neft sənayesinin görkəmli
nümayəndəsi Murtuz Muxtarovdur.
Muxtarovun adı daha çox Bakıda
neft çıxarılması texnologiyasının
inkişafı ilə bağlıdır.
Ali texniki təhsili olmasa da neft
maqnatları içərisində
neft yataqlarının sirrini və
qazma işlərini onun kimi dərindən
bilən ikinci bir sahibkar, çətin
ki, tapılaydı. Muxtarov diplomsuz
neft mühəndisi kimi şöhrət
tapmış, Azərbaycan neft sənayesi
tarixinə özünün ixtirası
ilə daxil olmuşdur. 1895-ci ildə
dünyada ilk dəfə metal ştanqlarla
zərbə qazma dəzgahını
quraşdırır və bunun
üçün dövlət patenti
alır. O bu ixtirasını «Bakı
qazma sistemi» adı verir. Həmin
dəzgahın əvvəlkilərdən
üstünlüyü çox idi.
Onun bir sıra digər ixtirası
da vardır.
1890-cı ildə yaratdığı
«Podrat qazma» kontoru Bakının
Balaxana, Suraxana, Ramana və Sabunçu
neft rayonlarında neft quyularının
qazılmasında böyük rol
oynamışdır. Bu səhələrdəki
quyuların əksəriyyəti
onun «Podrat qazma» kontoru tərəfindən
qazılmışdır. Bundan
əlavə özünün xüsusi
mə’dənləri də vardı.
Elektrik qatarı ilə Bakıdan
Buzovnaya gedərkən Sabunçudan
sonra birinci dayanacağ onun adı
ilə «Muxtarovka» adlanır. Bu dayanacağın
ətrafındakı bütün
neft quyuları vaxtilə ona məxsusdu.
Muxtarov ondoqquzuncu əsrin axırlarında
Bibiheybətdə qazma avadanlığı
zavodunu işə salır. Bu, Rusiyada
ilk neft avadanlığı müəssisəsi
idi. Zavodun yaxınlığında
fəhlə və qulluqçular
üçün üçmərtəbəli
yaşayış binaları tikdirir;
bununla da həm işçi qüvvəsini
ətrafına toplayır, həm
də əlavə gəlir əldə
edirdi.
Muxtarov zavodun buraxdığı
dəzgah və avadanlığı
Rusiyaya və xarici ölkələrə
satırdı.
Murtuz Muxtarov Bakının Əmirhacıyan
kəndində anadan olmuş və
əmək fəaliyyətinə
də bu kənddə başlamışdır.
O da Bakının bir sıra milyonçuları
kimi adi fəhlədən nəft
maqnatı səviyyəsinə
yüksəlmişdir. Uzun müddət
malakeşlik etdikdən sonra araba
ilə neft daşımış,
xırda podratçılıqla
məşğul olmuşdur. Qara
qızıl fantanları nəhayət
onun da üzünə gülərək,
əlini milyonlara çatdırmışdır.
Təkcə Bakıda yox, Maykop
və Qroznı neft mə’dən
sahiblərilə də müqavilə
bağlıyıb quyu qazırdı;
zavod və mə’dənlərlə,
konstruktor büroları ilə
texniki və işgüzar əlaqələri
vardı; tez-tez Şimali Qafqaza
gedirdi.
Muxtarov generalın də’vətini
qəbul edib Vladiqafqaza, evlərinə
qonaq gedir. Nəhayət, generalın
ortancıl qızı Liza xanımla
evlənib, qohum olurlar.
Liza xanımla Avropa səyahətinə
gedirlər. Venetsiyadakı binaların
arxitekturası neftxudanı valeh
edir. Və onlara oxşar bir sarayı
Bakıda bir il ərzində (1911-1912)
tikdirir. Sarayın hər sütünü,
tağları, buta və gülləri,
pəncərə və qapıları,
bəzəklərinin hamısı
təkrarolunmaz sənət əsəri,
me’marlıq incisidir. Neftxuda pul əsirgəmədiyi
kimi me’mar da ilham, ustalar da sə’y
və əməklərini əsirgəməyiblər.
Sarayı arxitektor Ploşko fransız
kotik üslubunda layihələşdirib.
M. Muxtarov bizə əzəmətli
binalar miras qoyub getmişdir. Bakı
şəhərində, onun ətraf
kəndlərində, Rusiyanın
şəhərlərində və
Avropanın bə’zi ölkələrində
hazıradək hifz olunub qalmış
bir çox binalar onun adı ilə
bağlıdır. 1910-cu ildə
Əmirhacıyan kəndində
tikdirdiyi məscid binası indiyədək
öz me’marlıq quruluşu və
əzəməti ilə göz
oxşayır. 1913-cü ildə
Abşeronun qumsal dəniz sahilində
mayaq qülləsi (indi bu mayaq işləmir),
Mərdəkanın Pirhəsən
adlanan yerində Axund Mirzə Abu
Turabın qəbri üstündə
günbəz, Vladiqafqaz şəhərində
məscid, Kislovodskda, İtaliyanın
Florensiya şəhərində
mövcüd olan gözəl, yaraşıqlı
binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
Muxtarov Bakının demək olar
ki, bütün xeyriyyə cəmiyyətlərində
yaxından iştirak edir və
maddi köməyini əsirgəmirdi.
Təbiətcə çox məğrur
olan bu şəxsin həyatı
faciə ilə bitmişdir. Bakıda
Aprel inqilabının ilk günləri
idi. Bu günlərdən birində
Muxtarov Vrangel (indiki Əhməd
Cavad) və Persidski (indiki Muxtarov)
küçələrinin tinindəki
mənzilinə iki silahlı hərbçi
gəlir. Muxtarov qapını açıb,
onları gördükdə atəş
açıb, onlardan birisini öldürür,
ikinci gülləni də öz
alnına çaxır.