EN   RU
 
Bakı milyonçuları
 
Hacı Zeynalabdin Tağıyev  
Ага Муса Нагиев  
Şəmsi Əsədullayev  
Murtuz Muxtarov  
Nobel qardaşları  
   

Ağa Musa Nağıyev

Ага Муса НагиевBakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. Milyonşu Ağa Musa Nağıyev “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir.
Xalq içərisində onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı. Əslində Nağıyev deyildiyi dərəcədə də xəsis deyildi. Bə’zən qəpiyə xəsislik eləyirdisə, böyük kapital qoyuluşunda başqa milyonçulardan də geri qalmırdı. Məsələn, O, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.
Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. Iki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahaləri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mə’dənlərində birbirinin dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu dərəcəsinə qaldırır.
O müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. Istiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır.
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş. Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat etmişdir.
1919-cu ildə varislər Musa Nağıyevin mirasını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Məhkəmə üç dəfə işə baxır. Rühani cəmiyyəti də tələb edirdi ki, Ağa Musa şiə məzhəb olduğuna görə, sərvətin ondan biri məscidə verilməlidir, rəsmi iddia təqdim etmişdilər. Bu əhvalatdan varislər yaman narahat olmuşdular; rühani idarəsinin iddiasını rədd etmək üçün, sübut elədilər ki, vaxtı ilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırdıb, Bəhayi kitabına əl basıb, qəsəm edib. Elə buna gərə də o, vəfat edəndə məsciddən cənazəni müşayiət etməyə az adam gəlmişdi.
Təəccüblü orasıdır ki, behayilər Musa Nağıyev kimi ayıq, ehtiyatlı, hiykəgər bir adama məhərətlə təlqin etmişdilər ki, bu məzhəbi qəbul eləsə ölməyəcək. Inanırdı da.
Bəhai qanununa görə sərvət ölənin arvadı, uşağı və nəvələri, qohumları və iyirmidən bir hissəsi maarif işləri üçün paylanmalıdır. Məhkəmə qabaqca çox çətinlik çəkir, axırıncı iclasda iki nəfəri – müsəlman və gürcü arvadlarını vərəsə təsdiq edir.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.