EN   RU
 

Abşeron yarımadası – Azərbaycanda, Xəzər dənizinin qərb sahilində ən böyük yarımada. Böyük Qafqazın cənub-şimal qurtaracağındadır. Qərbdə Qobustanla həmsərhətddir. Uzunuğu təqribən 60 km, ən geniş yerdə eni 30 km-dir. Abşeron yarımadasının səthi geniş düzənlikdən, bir-birindən dərə və çökəkliklərlə ayrılan tirə, yayla və təpəliklərdən ibarətdir. Abşeron yarımadasının qərb hissəsi nisbətən yüksəkdir. Sahilboyu hissə okean səviyyəsindən 28 m-ədək aşağıdır.
Çoxlu palçıq vulkanı (xüsusilə qərb xissədə) var. Əsasən, Neogen və Atropogen sistemlərinin çöküntüləri yayılmışdır. Şimal–qərb hissədə Tabaşir çöküntüləri üzə çıxır. Zəngin neft və qaz yataqları (Balaxanı – Sabunçu – Ramana, Suraxanı, Bibiheybət, Binəqədi, Buzovna – Maştağa, Qaraçuxur – Zığ, Qala, Zirə və s.) var.
Tikinti materialları (daş, gil, qum, əhəng xammalı və s.) çıxarılır.
Iqlimi quru subtropikdir. Orta aylıq temperatur yanvarda 3-4 C, iyulda 24-26 C-dir. Illik yağıntı 300 mm-ə qədərdir. Abşeron yarımadasında tez-tez şimal (xəzri) və cənub (gilavar) küləkləri əsir. Şimal küləyinin sür”əti bə”zən 35-40 m/san və daha artıq olur. Abşeron yarımadasında bir neçə şor göl (Böyükşor, Masazır, Mirzələdi və s.) var. Ceyranbatan su anbarı və Abşeron kanalı Abşeron yarımadasındadır. Şollar qəsəbəsindən (Xaçmaz rayonu) və Kür çayından Abşeron yarımadasına su kəmərləri çəkilmişdir. Abşeron yarımadasında k.t. bitkilərinin suvarılmasını mexanikləşdirmək və suvarma rejimini öyrənmək məqsədi ilə Abşeron suvarmanı mexanikləşdirmə təcrübə-tədqiqat st. yaradılmışdır. Quyu suyundan da istifadə olunur.
Abşeron yarımadasının şimalında Abşeron körfəzləri var. 1941 ildə Abşeron y-a ilə Artyom adası arasında damba salınması nəticəsində iki körfəz – Şimali və Cənubi Abşeron körfəzləri yaranmışdır. Şimali Abşeron körfəzinin sahəsi 24 km.2-dir; Cənubi Abşeron körfəzi bundan təqribən, iki dəfə kiçikdir. Abşeron körfəzlərinin orta dərinliyi 1.4 m, ən dərin yeri 9-10 m-dir. Abşeron körfəzlərində suyun orta temperaturu yayda 24-28 CŞ qışda 3-5 C olur. Xəzər dənizi səviyyəsinin enməsi, dalğa və lilin çökməsi ilə körfəzlər tədricən dayazlaşır, nəqliyyət imkanı məhdudlaşır. Artyomada və Gürgən qəsəbələri Abşeron körfəzlərinin sahilindədir.
Boz-qonur və şorakətvarı boz-qonur torpaqlar, sahil boyunda dənizkənarı qumluqlar və qum təpələri var. Abşeron yarımadasının botki örtüyü yarımsəhra, əsasən, efemer bitki qruplaşmalarından, qərb hissədə isə müxtəlif şoran bitkiləri və gəngiz formasiyalarından ibarətdir. Dənizkənarı qumluqlarda çəmən bitkilərinə bənzər bitkilərə, bə”zi yerlərdə isə bataqlıq bitkilərinə təsadüf edilir. Heyvanat aləmi: boz dovşan, ərəbdovşanı, tülkü, tısbağa, əqrəb, gürzə, göl qurbağası, suilanı, dəniz bozcaları, qağayılar və s. Abşeron yarımadasının landşaftı, əsasan, yarımsəhra tiplidir.
Abşeron yarımadası Azərbaycanda əhalinin ən sıx yeridir. Respulika əhalisinin ¼-n Abşeron yarımadasında yaşayır. Abşeron yarımadası respublikanın mühüm sənaye rayonudur. Sıx d.j. və şose yolları şəbəkəsi var. SSRİ-də ilk elektrik d.j. burada çəkilmişdir (1926). Xəzər dənizinin ən iri portu Bakı ş. Abşeron yarımadasındadır.
Şəhərətrafı k.t. inkişaf etmişdir. Subtropik meyvə bağları (əncir, zeytun, badam və s.) var. Zə”fəran əkilir (Bilgəh). Ağ şanı, qara şanı üzümləri Abşeron yarımadasında yetişdirilir. Abşeron yarımadasında dənizkənarı iqlim kurortları (Mərdəkan, Bilgəh, Şüvəlan, Buzovna, Zuqulba); balneoloji kurortlar (Suraxanı, Şıx), dənizkənarı iqlim müalicə yerləri (Pirşağı, Türkən), müxtəlif sanatoriya, istirahət evi, qumlu çiməniklər var.
Abşeron yarımadasında Tunc dövründən başlayaraq müxtəlif dövrlərə aid arxeoloji abidələr, qaya təsvirləri, kurqanlar, yaşayış yerlərinin qalıqları, qəbiristanlar və s. Ən əhəmiyyətlisi e.ə. 3-cü minilliyə aid edilən göy cisimləri təsvir olunmuş Ümidqaya abidəsidir (Bilgəh-Nardaran).
Tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid təsvirlər Mərdəkan, Şüvəlan, Şağan, Zirə, Türkən, Ramana və s. yerlərdə də aşkar edilmişdir. Qaya və daş üzərində müxtəlif üsullarla işlənmiş bu təsvirlərdə ov səhnələrinin, təsərrüfat sahələrinin, adət və ən”ənələrin əks etdirilməsi Azərbaycanın qədim tarixini öyrənmək üçün əhəmiyyətlidir.
Qazıntılar zamanı aşkar edilmiş Tunc və Dəmir dövrələrinə aid yaşayış yerlərində və qəbirlərdə (Şüvəlan, Türkan, Binəqədi, Buzovna, Digah, Zirə və s.) əhəngdaşından dənəzənlər, həvəngdəstələr, gəzli daşlar; çaxmaqdaşından ox ucluqları; qara, boz və qırmızı gil qab qırıqları; tunc və dəmirdən xəncər, qılınc, nizə, bıçaq, iynə, kəmər, bilərzik, üzük, zınqırov; balıqqulağı və əqiqdən muncuq; müxtəlif heyvan, quş və balıq sümüyü tapılmışdır. Zərif naxışlı tunc kəmər üzərindəki təsvirlərlə qaya və daş təsvirləri arasındakı oxşarlıq həmin kəmərin yerli sənətkarlıq məhsulu olduğunu söyləməyə imkan verir. E.ə. 13-7 əsrlərə aid bir sıra əmək aləti və silah Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılarla oxşardır. Qayakənd-Xoroçoy mədəniyyətinin yayıldığı ərazidə tapılmış gil qablar isə həmin dövrdə Abşeron üçün xarakterik gil qablara bənzəyir. Tapıntılar göstərir ki, Abşeronda yaşamış tayfalar maldarlıq, əkinçinlik, dulusçuluq, balıqçılıq, toxunçuluqla məşğul olmuş, başqa tayfalarla əlaqə saxlamışlar.
Abşeronun müasir yaşayış məntəqələrinin çoxunda 10-17 əsrlərə aid maddi mədəniyyət nümunələri tapılmış, orta əsr yaşayış məskənlərinin qalıqları (Bayıl buxtasında Səbayıl, Zirə yaxınlığında Gürkan, Novxanı yaxınlığında Siyan, Sumqayıt yaxınlığında Şəhərgəh) aşkar edilmişdir. Içərişəhərdə arxeoloji qazıntılar zamanı Bakı tarixinin öyrənilməsi üçün əhəmiyyəti olan materiallar tapılmışdır.
Mənbələrdə “Abşeron” ifadəsinə 18 əsrin əvvələrində rast gəlmək olur. “Abşeron” sözünün mənşəyi haqqında bir neçə ehtimal var. Bə”ziləri bu adın “Əfşəran” sözündən (sonralar təhrif edilərək “Apşeron”, “Abşeron”) yarandığını və Əfşarlar ilə əlaqədar olduğunu göstərirlər. Digərləri isə “Abşeron”un farsça ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiyini güman edir.
Xəzər dənizində, Abşeron yarımadasından şimal tərəfində yerləşən adalar qrupu Abşeron arxipelaqı adlandırılır. Azərbaycan ərazisindədir. Arxipelaqa Artyom (Pirallahı), Çilov (Jiloy), Böyük Plitə, Kiçik Plitə, Qreben, Çurka, Koltış və s. adalar; Abşeron, Neft Daşları, Darvin, Balaxnin, Andreyevsk və s. bankələr daxildir. Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədər adaların sahəsi artmış, bə”ziləri birbiri ilə və sahillə birləşmişdir (Urunos, Qu daşı). Abşeron arxipelaqında zəngin neft və qaz yataqları (Artyom a., Çilov a., Neft Daşları, Abşeron bankəsi, Cənub və s.) var. Şəhər tipli Artyomada, Neft Daşları və Jiloy qəsəbələri Abşeron arxipelaqındadır.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.