Neft Daşları şəhər
tipli qəsəbədir və Bakının Əzizbəyov rayonunun
ərazisinə daxildir. Xəzər dənizi səthindən
azca görünən “Qara qayaların” ətrafında
tikilmişdir. Abşeron yarımadasının 42 km-də
cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin
dibinə bərkidilmiş metal dirəklərin üstündəki
estakadada dəniz səthindən bir neçə metr
hündürlükdə tikilmişdir.
1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri
dünyada ilk dəfə olaraq, dənizin dibindən
sənaye məqsədilə karbohidrogenləri əldə
etməklə öz tarixində yeni səhifə açdılar.
Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən
Xəzər nefti fəvvarə vurdu.
Qeyd etmək lazımdır ki, hələ XIX-cu əsrin
əvvələrində (1798-1830-cu illər) Xəzərdən
(Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq
sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır.
Belə ki, Bakı buxtasında dənizin bir neçə
metr dərinliyində və ağac dirəklərin üstündə
yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar
Abşeron yarımadasının sahil zonasında neft
və qaz ehtiyatları olan Pirallahi-Dəniz,
Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə
başlamışdır. Düzdür, bu yataqları yalnız
şərti olaraq, dəniz yataqları adlandırmaq
olar, cünki öz başlanğıcını bunlar qurudan
götürürlər. Neft Daşlarının (Bakının 110
km-də) is quru ilə heç bir əlaqəsi yoxdur.
Neft Daşlarının yerində olan daşlı, qayalı
sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci
il noyabrın 14-də hava şəraiti pis olan
bir gündə olmuşdur. Bortunda görkəmli Azərbaycan
geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis,
1947-ci ildə yaranmış “Azneftkəşfiyyat”
– təşkilatının rəhbəri S.Orucov olan kiçik
bir gəmi (“Pobeda”) adacıqlara yaxınlaşdı
və mütəxəssislər kiçik bir adaya düşdülər.
Onlar burada ilk burğu qurğusunu və burğuçular
briqadası üçün cəmi 14 m kv. olan evcik
tikdilər. Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi
Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də
neft verən ilk quyunu həmin bu sahədə qazımışdir.
Qeyd etmək lazımdır ki, Neft Daşlarını fəth
edənlərin bir çoxu 1951-ci ildə birinci
dərəcəli SSRi Dövlət mükafatına layiq görüldülər.
1951-ci il fevralın 18-də Neft Daşlarınin
nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq
üçün Dübəndi limanına yan verdi. Bir neçə
aydan sonra isə dənizin 20-25 m. dərinliyində
estakadalar və burğu, texnoloji sahələr
tikilməyə başlandı. Elektrostansiyaların,
nasos-kompressor kompleksinin, köməkçi sexlərin,
neftçilər üçün yaşayış 5-9 mərtəbəli evlərin
ümumi sahəsi 1960-cı ilin əvvələrində 70
min m kv idi. Beləliklə Neft Daşları dəniz
möcüzə-şəhərinə çevrildi. 60-cı illərin
axırında özünəməxsus “küçə” vəzifəsini yerinə
yetirən estakadaların ümumi uzunluğu 200
km-dən çox idi. Neft Daşları ilə Bakını
radiotelefon rabitəsi birləşdirir. İnsanları,
qida məhsullarını və başqa əşyaların daşınmasında
Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən
çox əhalisi olan Neft Daşları Azərbaycanın
ən şərq yaşayış məntəqəsidir.
1949-cu ildən burada 1940 quyu qazılmışdır,
160 mln ton neft, 12.3 mlrd m kub. qaz əldə
edilmişdir. Bu gün orada 377 quyu fəaliyyətdədir
və hər birisi sutkada orta hesabla 5 t.
neft verir. Hər gün Neft Daşlarında 5-6
yeni quyu qazılır və bunların hərəsisin
ilk dövrdə sutkada 15-16 t neft verməyə
imkanı var. Bu göstərici “Çıraq-1” stasionar
platforması ilə müqayisədə (sutkada 2 min
t) əlbətdə çox deyil. Ancaq yaddan çıxarmaq
lazım deyil ki, Azərbaycanda neft sənayesinin
inkişafına məhz Neft Daşları təkan verdi.
Bunun nəticəsində bu gün Azərbaycanda 1994-1999-cu
illərdə bağlanmış 17 iri neft sazişlərinin
həyata keçirilməsi uğrunda dünyanın 14 ölkəsi,
33 xarici neft kompaniyaları işləyir. Qeyd
etmək lazimdır ki, Azəri, Çıraq, neft ehtiyatı
640 mln t., qaz 100 mlrd m kub, qaz kondensatı
100-150 mln t olan Günəşli, təbii qaz ehtiyatı
100 mln t olan karbohidrogen struktur bloku
D222 sazişlərində “Lukoyl” da iştirak edir.
Azərbaycanın “ARDNK” və Rusiyanın “Lukoyl”
arasında əlaqələrin daha da genişlənməsi
üçün 1999-cu ildə Bakıda memorandum imzalanmışdir.
Ancaq bunların hamısı Neft Daşlarından başlamışdır.
Ola bilsin bir neçə vaxtdan sonra bu estakadalar,
neft yataqları, neft buruqları artıq olmasın.
Ancaq neft Bakısının bir rəmzi kimi, insanların
ağlı və şücayəti kimi Xəzərin əfsanəvi Neft
Daşları insanların yaddaşında əbədi qalacaqdır.