Ölkəmizin
(eyni zamanda dünyanın) ən qədim neft rayonlarından
olan Abşeron yarımadasında qədimdən neft
və qaz çıxışları və onlardan müxtəlif məqsədlərlə
istifadə olunması mə`lumdur. E.ə. 7-6 əsrlərdə
burada neft çıxarılırdı; orta əsrlərdə ibtidai
usulla neft quyuları qazılırdı. Azərbaycanda
neft qazlarının çıxarılma tarixi neftin
çıxarılma tarixi qədər qədimdir. Hələ X
əsrdə yaşamış ərəb əlimi Ə.Mə`sudi öz əsərlərində
Bakı yaxınlığında neft quyusu qazılması
haqqında mə`lumat verir.
Bakıda neft çıxarılmasını 13 əsrdə italyan
səyyahı Marko Polo təsvir etmişdir. O göstərir
ki, Bakı neftini çıraqlarda yandırır və
onunla dəri xəstəklərinin müalicə edirlər.
Alman səyyahı E.Kempfer 17 əsrdə burada
olmuş və 1684 ildə Avropa ədəbiyyatında
ilk dəfə olaraq Bakı neft mə`dənlərinin
təsvirini vermişdir. Lakin neftin qədimdən
çıxarılmasına baxmayaraq, hasilatı haqqında
mə`lumat 19 əsrin əvvəllərindən mə`lumdur.
Belə ki, 1821-72 illərdə Bakıda, Xəzər dənizi
sahilində Bibiheybətdə mexaniki usulla ilk
neft quyusu qazılmışdı.
Abşeronda ilk neft fontan 1871 ildə Balaxanıda
mexaniki usulla qazılmış 64 m dərinlikli
buruq quyusunda baş vermişdir. Gündə 700
pud neft çıxarılırdı.
Azərbaycanda istismar olunan neft quyularının
sayı 9-dan (1873) 1740-a (1901), orta dərinliyi
53 m-dən 3645 m-ə, neft hasilatı 3.9 min
puddan 667.1 min puda (1067 mln t-a) qədər
artdı. Yerli və xarici neft inhisarları
meydana gəldi. 19 əsrin sonunda Azərb. Neft
hasilatına qörə ABŞ-ı ötüb keçdi və 1848
ildən dünyada 1-ci yerə çıxdı.
Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra
Bakı Soveti Xalq Komissarları Dekretinin
1 iyun 1918-ci il qərarına əsasən neft sənayesi
və Xəzər ticarət donanması milliləşdirildi.
1918-ci ilin 4 ayı müddətində bolşeviklər
tərəfindən Rusiyaya heç bir ödənişi olmadan
1.3 mln ton neft daşınıb aparıldı.
1918-ci il mayın 28-də Azərbaycanda hakimiyyətə
müsavat höküməti gəldi və Azərbaycan Demokratik
Respublikası, müsəlman aləminin Şərqində
ilk parlament respublikası yarandı. Bolşeviklərin
qərarı ləğv olundu və bütün əmlaklar keçmiş
sahiblərinə qaytarıldı. Ancaq sahibkarların
tez-tez dəyişməsi neft sənayesinin inkişafina
və neftin xarici bazara çıxarılmasına maneçilik
yaradırdı. Onu demək kifayətdir ki, 1919-cu
ildə cəmi 3.7 mln ton neft istehsal olundu
və bu rəqəm 1916-cı ildə istehsal olunmuş
neftin yarısını təşkil edirdi.
1920-ci ilin aprel ayında Bakı Qızıl Ordu
tərəfindən işğal olundu və Sovet hakimiyyəti
yenidən elan edildi. Elə həmin gündən talançılıq
başlandı. Birinci dünya müharibəsi ərəfəsində
Azərbaycanda istehsal olunmuş 5 mln ton
əla növ neft ehtiyatı var idi. 1920-ci ildə
Bakı zəbt olunduqdan sonra Leninin sərəncamı
ilə bu neft 40 gün – aprelin 29-dan iyunun
ortalarına qədər - ərzində dəmir və dəniz
yolları vasitəsilə Rusiyaya daşındı. Sovet
rejiminin dirçəlməsində bu neftin nə dərəcədə
əhəmiyyətli olması məlumdur. Bu kimi talançı
hərəkətlərinə görə “Azneft”in o vaxt rəyisi
olan A.Serobrovski Qırmızı Bayraq ordeni
ilə təltif edilmişdir. O daşınan neftin
qiyməti 452.8 mln dollar olub, bu da ki,
Bolqariyanın və ya Belçikanın illik büdcəsinə
bərabərdir. 1921-ci
ildə neft hasili Bakıda 2.4 mln tona qədər
azaldı. Bununla əlaqədar olaraq, Sovet höküməti
neft sənayesinin inkişafı üçün təcili tədbirlər
görməyə başladı. Bunun sayəsində 1940-cı
ildə Azərbaycanda neft istehsalı 22.2 mln
tona çatdı və bu rəqəm SSRİ-də istehsal
olunan neftin 71.5%-ni təşkil edirdi. Bu
dövrdə Azərbaycanda yeni neft yataqları
aşkar olunmuşdu. 1925-ci ildə Bakı-Batumi
neft kəməri tikilib, istifadəyə verildi.
1927-ci ildə Bibi-Heybət buxtasının qurudulması
işi qurtardı və dünyadı ilk dəfə olaraq
, dənizdə neft quyusu qazıldı.
Böyük Vətən müharibəsi işlərində neftə olan
tələbatı nəzərə alaraq, Bakı neftçiləri
yüksək naliyyət qazanıb, 23.482 mln ton
neft hasil etdilər. Hitler Bakını zəbt etmək
istəyirdi, hətda gün (25 sentyabr 1942-ci
il) tə`yin edilmişdi. Buna görə də Bakıda
köçürülmə (evakuasiya) işlərinə hazırlıq
görüldü. 1942-ci ilin payız ərəfəsində 764
quyunun ləğv olunması, 81 dəst buruq qurğuları
öz şəxsi heyyətlərilə birlikdə Türkmənistana
köçürülməsi təşkil olundu. Ancaq buna baxmayaraq,
köhnə quyuları bərpa etməklə Bakı müharibəni
neftlə tə`min etməkdə davam edirdi. Dünya
praktikasında ilk dəfə olaraq, neftlə dolu
olan dəmiryol sisternləri dəniz səthi vasitəsilə
Bakıdan Krasnovodska daşınirdi. 1942-ci
ilin oktyabrında Dövlət Müdafiə Komitəsinin
qərarı ilə 11 minə yaxın neft üzrə mütəxəssislər
və çoxlu miqdarda neft qurğuları Tatarıstan,
Başqırdıstan və Rusiyanın başqa yerlərinə
köçürülərək, Bakı neftçilərinin köməyi ilə
həmin regionlarda neft istehsal olunmağa
başladı. 1943-cü ilin axırında Bakı ətrafinda
olan müharibə qorxusu keçdi və neft sənayesinin
istehsalı bərpa olundu.
1948 ildə açıq dənizdə (Xəzərdə) neft-mə`dən
estakadaları tikilməyə başlandı. 1949 il
noyabrın 7-də dənizdə, Neft Daşlarında qazılmış
kəşfiyyat quyusundan neft güclü fontan vurdu.
Neft Daşları – Abşeron yarımadasından 42
km c.-ş-də, açıq dənizdə, polad dirəklər
üzərində salınmış neft “şəhəri”dir. Bu ərazi,
oradakı daşların (tədq. 20 ədəd) bə`zilərində
neft-qaz nişanələrinin olması ilə əlaqədar
Neft Daşları adlandırılmışdır. Neft Daşları
açıq dənizdə olduğundan burada güclü küləklər
əsir, dalğanın maks. hünd 10-12 m olur.
Orta temperatur yanvarda 4.8 °С, avqustda
24.9°С-dir. İllik yağıntı 110 mm.
1946 ildə Azərb.SSR EA neft ekspedisiyası
(A.Q.Əliyevin başçılığı ilə) Neft Daşları
rayonunda geoloji kəşfiyyət işlərinə başlamışdır.
İlk kəşfiyyət quyusunu 1949 ildə M.P.Kaveroçkin
briqadası (qazmaçılar Q.Abbasov, Y.Kərimov,
N.Babayev və b.) qazmışdır. Laylara su vuraraq
sün`i təzyig yaratmaq üsulu ilk dəfə Neft
Daşlarında sınaqdan keçirilmişdir. Çıxarılan
neft həm tankerlər, həm də boru kəmərləri
vasitəsilə sahilə nəql edilir.
Neft Daşlarından Çilov adasına, oradan da
Zirəyə (Abşeron y-a) qaz kəməri çəkilmişdir.
Neft Daşlarında fəhlə-gənclər məktəbi, Bakı
axşam Neft texnikumunun filialı, mədəniyyət
evi, kütləvi kitabxana, kinoteatr, poliklinika-xəstəxana,
vertolyot meydançası, istisaslaşdırılmış
hidrometeoroloji st., İES var. Neft Daşları
rayonunda dənizin çirklənməsinə qarşı mübarizə
məqsədi ilə qurğular tikilmişdir. Əfsanəvi
dəniz “şəhəri” Neft Daşları haqqında bir
çox sənət əsəri (şe`r, poema, roman, pyes
və s.) yazılmış, bədii və sənədli filmlər
(“Qara daşlar”, “Xəzər neftçiləri haqqında
dastan”, “Dənizi fəth edənlər” və s.) çəkilmişdir.