EN   RU
 

Bir-birinə yaxın adalar qruppasına arxipelaq deyilir. Bakı arxipelaqına daxil olan adalar və bankələr bunlardır: Adalar – Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və yaxud Qum adası), Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Xərə Zirə, Çilov, Pirallahı, İqnat Daşı və sairələri. Bankələr – Savenko, Bezimyannı, Kornilov – Pavlov, Makarov, Borisov və başqaları.
Bankə - dənizin nisbətən dayaz yerlərinə deyilir. Bunlar dənizdə gəmiçilik üçün çox təhlükəlidir.
Bu ada və bankələrdən əksəriyyətinin adları rus işğalından sonra dəyişilmişdir. Məsələn, Böyük Zirə - Nargin, Daş Zirə - Vulf (bu adaya kiçik Zirə və ya da Qum adası deyilir), Zənbil – Duvannı, Səngi Muğan – Svinoy, Çikil – Oblivnoy, Qara Su – Los, Gil – Qlinyanı, Xərə Zirə - Bulla, Çilov – Jiloy, Pirallahı – Artyom adlandırılmışdır.
Bakı arxipelaqının ən böyük adası Xərə Zirədir (Bulla) ki, sahəsi 3.5 kvadratkilometrdir. Böyük Zirə (Nargin) adası Bakı körfəzini dənizdən ayıran ən böyük adadır. Abşeron yarımadasının cənubundadır. Uzunluğu 3.1, eni isə 0.9 kilometrdir. Şimal-qərb tərəfdən dik və sıldırımdır. Bitkisi azdır. Körfəzi dənizdən ayıran ikinci ada Daş Zirədir (Vulf). Böyük Zirə ilə Kiçik Zirə (yaxud Qum) adalarının yaxınlığındadır. Ətrafı dayazlıqdır. Bitki örtüyü çox seyrəkdir. Zirə sözü Cəzirə (ada) sözündən əmələ gəlmişdir. Cəzirə sözündən Cə atılmış, təkcə Zirə qalmışdı.
Bu iki adaya verilən Nargin və Vulf adları I Pyotrun adı ilə bağlıdır. Pyotr, xəritədə onları Fin körfəzindəki eyni adlı adalara oxşatdığı üçün belı adlandırmışdı.
Kiçik Zirə (Qum adası) - körfəzi dənizdən ayıran üçüncü adadır. Ərazisi başdan-ayağa qum və balıqqulağı ilə örtülüdür. Uzunluğu təxminən 900, eni isə 600 metr olan Qara Su (Los) adası vulkan mənşəlidir. Burada güclü qaz yatağı vardır. Zənbil adasının Duvannı adlandırılması Xəzər sularında üzərək, dənizin qərb sahilindəki yaşayış məntəqələrini talanla məşğul olmuş Stepan Razinin adı ilə bağlıdır. Onlar öz qənimətlərini bu adada bölüşdüklərinə görə (duvanit rus dilində bölüşdürmək deməkdir) Duvannı adlandırılmışdır.
Qədim zamanlardan bakılılar bu adalarda balıq və suiti ovlayar və adalarda düzəltdikləri kiçik daxmalarda yaşayırlarmış. Bu adalar eyni zamanda dəniz quldurlarının da məskəni olmuşdu. Həştərxandan və İrandan gələn ticarət gəmiləri həmin adaların yaxınlığında dəfələrlə quldur basqınlarına mə`ruz qalmışdı.
Adalardan bə`zilərində hətta vəhşi heyvanlar da doğub törəmişdi. “Kaspi” qəzeti 6 avqust 1893-cü il tarixli nömrəsində yazırdı ki, adamlar yaxın adalardan ətcəbala meymunlar gətirib bazarda hərəsini bir qəpiyə satırlar.
Cənub tərəfdən Bakıya daxil olduqda Puta körfəzindən qərbdə iki dağ zirvəsi nəzərə çarpır. Onlar dəniz səthindən 1395 fut (təxminən 400 metr) hündürlükdədir. Bu dağ zirvələri Bakının qulaqları adlanır.

 

 
 
   
  Copyright © 2001-2007. All rights reserved.