Əvvələr belə sayılırdı ki, Azərbaycan kinosu
öz başlanğıc sayını 1916-cı ildə Bakıda
çəkilmiş “Neft və milyonlar səltənətində”
kinosundan götürür. Ancaq kinoşünas Aydın
Kazımov müəyyən etdi ki, hələ 1898-ci ildə
çıxan “Kaspi” qəzetinin bir neçə nömrələrində
1899-ci ilin avqust ayının 2-də Bakıda bir
neçə sənədli və bədii filmlərin Bakı həyatına
aid süjetlərin nümayiş etdirilməsindən dərc
olunmuşdur: Bunlardan “Balaxanıda neft fontanı”,
“Bibiheybətdə neft mə`dənində yanğın”, “Buxara
əmirinin limanda yola salınma mərasimi”
lentlərini göstərmək olar. Bu kinoları millətcə
fransız olan, Bakıda 25 il yaşayan Rusiya
vətəndaşı A.M.Mişon çəkmişdir. O, həm naşir,
həm fotoqraf həm də operator idi.
Onuncu illərdə xarici firmaların nümayəndələri
bir çox qısa metrajlı sənədli filmlər çəkmişdilər.
Bunlar şəhər həyatının ancaq qısa bir hissəsinin
əks etdirirdilər. Küçələrdə, limanlarda,
vağzallarda baş verən maraqlı hadisələr,
fantanlar, şəhərin görkəmli yerləri sənədli
filmləri əsas süjetini təşkil edirdi.
“Neft və milyonlar səltənətində” kinosu
Azərbaycan yazıçısı İbrahim bəy Müsabəyovun
eyni adlı kitabı əsasında Bakı milyonçularının
vəsaitilə 1916-cı ildə çəkilmişdir. Bu Pirone
qardaşlarının “Film” aksioner cəmiyyətinin
adı ilə bağlıdır.
İctimai ziddiyyətlər, varlıların qəddarlığı,
pul hərisliyi sadəlövh şəkildə olsa da filmdə
öz əksini tapmışdı. Filmin çəkilişi Bakıda
və onun ətraf kəndlərində aparılmışdı. Pavilyon
səhnələri isə Tiflisdə çəkilirdi. Filmin
maraqlı epizodlarından biri o zaman Səlimovun
Balaxanadakı neft mə`dənində baş vermiş
dəhşətli yanğının lentə alınması idi. Rejissor
B.Svetlov və operator Q.Lemberq bu yanğını
sensasiya kimi filmə daxil etmiş və beləliklə
onun effektini xeyli artırmışdılar. Filmdə
çəkilmək üçün Bakı teatrlarından bir çox
aktyor də`vət olunmuşdu. Baş rolda görkəmli
aktyorumuz H.Ərəblinski çəkilmişdi. O milyonçu
Lütfəli bəyin rolunu məharətlə ifa etmişdi.
Bundan başqa filmdə göstərilən toy səhnəsində
tarzən Qurban Primov və xanəndə Cabbar Qaryağdı
oğlu iştirak edirdilər.
Film ekrana çıxmamışdan əvvəl geniş reklam
təşkil edilmiş, Bakı qəzetlərində e`lanlar
verilmişdi. Bunlardan əlavə xüsusi buklet
də buraxılmışdı ki, buraya filmin librettosu
və filmdən ayrı-ayrı kadrlar daxil edilmişdi.
“Neft və milyonlar səltənətində” filminin
bir sıra qüsurlarına baxmayaraq, Azərbaycan
milli kino sənətinin başlanğıc nöqtəsi kimi
çox əhəmiyyətli idi.
1923-cü ildə respublika Maarif Komissarlığı
nəzdində Azərbaycan Foto-Kinə İdarəsi –
AFKİ yaradıldı. Həmin ildə “Qız qalası”
adlı iki seriyalı film çəkilib, ekranlara
buraxıldı. Bu filmdə Azərbaycan artistlərindən
İbrahim Azəri çəkilmişdi. 1924-cü ildə “Bayquş”
adlı ikinci film çəkildi. Filmin baş rollarında
Abbas Mirzə Şərifzadə və Ağarza Quliyev
çəkilmişdi. 1925-ci ildə çəkilmiş “Bismillah”
filminin rejissoru Abbas Mirzə Şərifzadə
idi. Əsas rollarda artistlərdən Mirzəağa
Əliyev, Mustafa Mərdanov çəkilmişdi. Həmin
illərdə Azərbaycan artistlərinin böyük bir
dəstəsi kinonun studiyası ətrafında toplaşmışdılar.
Sonralar AFKİ genişlənib əsl kino istehsal
edən studiyaya çevrildikdə “Azərkino” adlanmağa
başladı.
2001-ci il avqust ayının 2-də prezident
H.Əliyevin müvafiq qərarına əsasən “Azərbaycan
kinosu günü” tə`sis olundu və həmin gün
Azərbaycan kinosunun 103 illiyi böyük təntənə
ilə qeyd olundu.